Həyat hekayələri | Qaranquş
Səfurə Çərkəzqızı
...İki əllə əmim oğlunun yaxasından bərk-bərk yapışmışdım. O da mənim saçlarımı çəngələmişdi. Hikkəmizdən ikimiz də pörtmüşdük...
- Keçəl-keçəl, daz keçəl...
Əmim oğlu cin vurmuşa dönərdi, əlinə bir çubuq alıb nəfəsimiz kəsilənə kimi bizi qovalayardı...
Yenə fürsəti əldən vermədim:
-Keçəlin biri, keçəl..!
Bu dəfə saçımın dibindəki ağrıya tab gətirə bilmədim:
-Aaaayyyy...
Məni ağlamaq tutmuşdu. Əmim oğlu ağladığımı görüb saçlarımdan əl çəkdi. Di gəl, dilimi dinc saxlaya bilmədim:
-Eşşşşək!!!
- Sənsən!
- Sən lap yekə - eşşək boyda eşşşəksən! Sən mənim evciyimi uçurdun...
- Nə deyirsən, özünsən! Birinci sən cığallıq elədin! Birinci sən mənim arabamı ayaqladın...
- Sənsən cığal!
Məhəllədəki uşaqlar başımıza yığışmışdı. Əmim qızları da gəlib çıxmışdı. Onlar qardaşlarına qahmar çıxib məni təkləmişdilər. Hikkəmdən partlayırdım.
- Hamınız pissiz, meymuna oxşayırsız..!
Birdən haçaquyruq qaranquş düz yanımızdan uçub qapısında dayandığımız pəyəyə girdi. Dimdiyində nəsə vardı. Sonra içəridən qaranquş balalarının civiltisini eşitdim...
...Bir az aralıda, çəpərə söykənən uzun qarğını götürüb, hikkəylə pəyəyə tərəf qaçanda uşaqlar mat-məətəl mənə baxırdılar. Hələ heç nə başa düşmürdülər. Onlara məhəl qoymadım, ağız-burnumun suyunu donumun qoluna silə-silə pəyəyə girdim. Tavandakı yuvadan dörd sarıdimdik qaranquş balası başını çölə çıxarmışdı. Dördü də ağzını açıb civildəşirdi. Ana qaranquşsa dimdiyindəki yemi onların ağzına uzadırdı...
- Çıx pəyəmizdən!
Mən qarğını yuxarı qaldırdım...
Uşaqlardan kimsə qışqırdı:
- Yuvanı uçuracaq!
- Eləmə!!!
Uşaqların hamısı birdən üstümə tökülüb əlimdəki çubuğu almaq istədilər. Qəfildən çubuq yuvaya dəydi...
...Ətcəbalaların dördü də yerdəydi. Bayaqkı kimi civildəşmirdilər, heç tərpənmirdilər də... Ana qaranquşsa gah ora-bura vurnuxur, gah da dağılan yuvasının yerinə qonub bərkdən civildəyirdi. Elə bil, adam qışqırırdı...
...Əmim uşaqları hələ də qaranquş balalarının başına toplaşıb ağlayırdılar. Elə mən də ağlayırdım. Bu dəfə hikkəmdən yox, xəcalətimdən, utandığımdan...
Böyüdüm. O hadisə hər yadıma düşəndə utandım, xəcalətimdən ölüb-dirildim... Amma günahımın böyüklüyünü ən çox kəndimizi, yuvamızı itirəndə, ev-eşiyimizdən didərgin düşəndə anladım. Bir də ana olandan sonra...
...Yazıq ana qaranquş...mən ona nələr çəkdirmişəm..!
Teqlər: